Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Lap elə kül altda olsa da belə,

Ayaz Arabaçı

Lap elə kül altda olsa da belə, Közümü tutmağa çalışıram mən. Səbrimin sonuncu telinə qədər, Dözümü tutmağa çalışıram mən.

Gəlmişəm dünyaya sıxılmaq üçün, Murdar adamlardan çıxılmaq üçün, Çoxdu rahat yerlər yıxılmaq üçün- Özümü tutmağa çalışıram mən.

Günlərim sınaqdı, bəlkə də qəsdən, Çölə buraxmıram nəfsi qəfəsdən, Hələ ki, bir neçə əyri həvəsdən Gözümü tutmağa çalışıram mən.

Cummadım üç mənim-beş mənim deyə, Heç kimi seçmədim düşmənim deyə, Özüm-öz gözümdən düşməyim deyə, Sözümü tutmağa çalışıram mən.

Saytda dərc olunub