Şeir · Azərbaycan
L A Ç I N...
Təqvimə hər baxanda, Özümdən utanıram. Səsimdən iyrənirəm, Sözümdən utanıram. Gözlərimə mil çəkir, Şuşanın işğal günü. Susub qalır içimdə, Qeyrətimin lal günü. Nə addı Kəlbəcərə Qoymuşuq anım günü. Xocalıya yas günü, Laçına yanım günü. Niyə belə kəsildi, Sevginin boy artımı. Sinəmizə xaç çəkib, Xaçpərəstin yardımı. Bu yardımlar apardı, Bizi məğlubiyyətə. Heç cürə çatammırıq, Uca-ali niyyətə.. Get-gedə gözdən düşür, Torpaq sözü-yurd sözü. Sanki sinonimləşir, Qoyun sözü-qurd sözü. Qara bir əzrayıldı, Təqvimin hər varağı, Nə günə saxlayırıq, Bir elə yar-yarağı. Efirlərdə çal-çağır, Ekranlarda toy büsat. Şuşa hərləyənmi var, Laçın hərləyənmi var Heç Bakıda bu saat.. İşbazın nə vecinə, Quşbazın nə vecinə, İçimizi qovuran Aşbazın nə vecinə. Nə vecinə təqvimin Ağ günü-qara günü. Yas günü,ölüm günü, Qan günü-yara günü. Susdurduq dinən kimi, Haqqoğulu-haqqızı. Ağzımızda ATƏT-in, BMT-nin saqqızı. Rədd eləyin kürsüdən, Siyasi aşıqları. Bəsdi rüsvay olmuşuq, Kəsin danışıqları.. Bir ovuc erməniyə, baxın, Heyrətə gəlin.. Ordu generalları, Bəsdi..Qeyrətə gəlin.. Yürüyün ordu-ordu, Yürüyün axın-axın, Şuşaya bayraq taxın, Laçına bayraq taxın.. Susdurun alçaqları.. Susdurun əbləhləri.. Alın o zirvələri, Düzəldin o səhvləri.. Niyə meydan oxusun, Bizə bir ovuc çətə.. Qoymayın bu qisası, Qurd ilə qiyamətə.. Çoxdu qara rəqəmlər, Ağardın qaraları. Yürüyün qələbəyə, Sağaldın yaraları. Təqvimə hər baxanda, Ölüb yerə girməyək. Özümüzü diriykən, Ölüyə çevirməyək...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/l-a-c-i-n/