Şeir · Azərbaycan
Köhnə havalara şişib ovurdlar,
Köhnə havalara şişib ovurdlar, Bayquşa kef verir viranə yurdlar, Sağıb qurtarıblar vətəni qurdlar, Nə qaymaq, nə də yağ əmələ gəlir..
Düşüb qapı-qapı ha axtarasız, Gün yoxdu ağrısız, qansız, yarasız, Bu alçaq dünyada pulsuz-parasız, Nə arxa, nə dayaq əmələ gəlir..
Nə başlar yedilər ah, bu masalar, Doldu qanımızla büllur kasalar, Basıb söndürürlər kor yarasalar, Nə vaxt ki, bir mayaq əmələ gəlir..
İlahi, nədisə cəzam verirsən, Dözmür ağrılara əzam, verirsən, Bu şərə sən özün nizam verirsən, İşlər də baş-ayaq əmələ gəlir..
Qaydadı bir ucdan doğub-törərsiz, Sonra aranızda divar hörərsiz.. Üç-dörd ad çəkəcəm baxıb görərsiz, Xiyarlar nə sayaq əmələ gəlir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/kohne-havalara-sisib-ovurdlar/