Şeir · Azərbaycan
Həyatımız iki söznən ötüşür,
Həyatımız iki söznən ötüşür, Varda "hə"di,darda "yox"du bizimki. Nə nizama,nə qanuna tabeyik, Basabasdı,soxasoxdu bizimki.
Əfsanədi o yazılan şeirlər, Hər addımda ətimizi yeyirlər, Rüşvət almır,haram yemir deyirlər, Uşaqlıqdan gözütoxdu bizimki...
Ha ulasın əcəl zəngi,neynirik, Sakitlikdi,salıb cəngi,neynirik, Ağır-ağır top-tüfəngi neynirik, Şapalaqdı,yaydı-oxdu bizimki.
Cavab vermə yüz tənəyə-yüz sözə, Qeyrətini qram-qram süz sözə, Sancılanma Dadaşbala,düz sözə, Uzaqbaşı bir az xoxdu bizimki..
Tanrı bizim dayımızı gizlədib, Qara bulud ayımızı gizlədib, Beş-on molla sayımızı gizlədib, Harda azdı,harda çoxdu bizimki..
Ömər Xəyyam boğazını yaşlasın, Dəli Domrul qapımızı daşlasın, Nənəmə de nağılını başlasın, Biri vardı,biri yoxdu bizimki...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/heyatimiz-iki-soznen-otusur/