Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

hələ ki,gücümüz birliyə çatmır..

Ayaz Arabaçı

hələ ki,gücümüz birliyə çatmır.. hələ ki,sədd qurub ara çəkirik. kim ki,bir balaca ayaqda durur, buza sürüyürük,qara çəkirik.

əlini üzməmiş o kişi bizdən, durulmaq gərəkdi lap dibimizdən, gör iş nə yerdədir,öz cibimizdən, hətta,qorxa-qorxa para çəkirik.

nə pul yazdıraq ki,könül yasına, sevinib aparsın xarabasına, ay oğul, bir əlil arabasına, qoşub da bu yurdu,hara çəkirik..

bizdən çin malıtək hər yerdə çoxdu, amma bu çoxluğun sambalı yoxdu. elə işimiz də ürəkdi-oxdu, şəkil də çəkəndə yara çəkirik.

cannan əlləşirik,eləcə cannan.. yazan alnımızı yazıbdı qannan. dərdimiz qurtarmır tək xiyabannan, kamana düzürük,tara çəkirik.

şeytana həm iynə,həm sap veririk. ən çox da Allaha əzab veririk, hər gün özümüzə hesab veririk, hər gün içimizi dara çəkirik..

sağa da,sola da diz eləyirik, vuranda dərinə iz eləyirik, elə yaxşısını biz eləyirik, hamının üstündən qara çəkirik..

Saytda dərc olunub