Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Heç kimə inanmırıq,

Ayaz Arabaçı

Heç kimə inanmırıq, Hamıya şəkk qoymuşuq. Dərd getməz,çünki altda- Yorğan-döşək qoymuşuq.

Qeyrət qında pasdana, Dastana bax,dastana.. Özümüz gülüstana, Girsin eşşək,qoymuşuq.

Adanmışıq Əliyə, Aldanmışıq Vəliyə, Həmişə irəliyə, Addımı ləng qoymuşuq..

Gün kimi yayılmırıq, Heç harda sayılmırıq, Yatanda ayılmırıq, Saata zəng qoymuşuq..

Lafımız tabaq-tabaq, At-arvad-motal papaq.. Bir işə puldan qabaq, Nə vaxt ürək qoymuşuq ?

Nə əməlik-nə işik, Qırsaqqızıq,qəmişik, Nə varsa bəzəmişik- Nə varsa rəng qoymuşuq.

Qışqırmayın bannaşıb... Kim nə vaxt meydannaşıb, Hamımız şeytannaşıb, Allahı tək qoymuşuq..

Saytda dərc olunub