Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gündüzlər canımın istirahəti,

Ayaz Arabaçı

Gündüzlər canımın istirahəti, Gecələr gözümün uyğusu yoxdur. Qəlbimi həmin gün söküb ataram, Bilsəm ki, içində duyğusu yoxdur.

Güllər var min dəniz, min meşə qədər, Boy verib ucalır günəşə qədər, Yüzünün bir dənə bənövşə qədər, Könlümü titrədən qoxusu yoxdur.

İlahi,bur yansın göylərin şamı, Üstümə tökmüşəm verdiyin camı, Niyə sevincimə göz dikir hamı, Niyə heç dərdimin oğrusu yoxdur.

Çirk axır dünyanın şah damarında, Asdır qoy dadını bilim darın da, Ən dürüst, ən təmiz adamların da, Sözünün on faiz doğrusu yoxdur.

Nə varsa deyilmiş, nə varsa boyat, Eyni bir zibildi ya doğma, ya yad.. Başını çoxdannan itirib həyat, Heç kimə sualı-sorğusu yoxdur.

Əcəl köhlənini üstünə sürsə, Çəkinmə istəyi ucuz ömürsə, Əgər bu dünyada hamı ölürsə, Ölümün elə də qorxusu yoxdur…

Saytda dərc olunub