Şeir · Azərbaycan
Gül ətirli yaralarım hoylanır,
Gül ətirli yaralarım hoylanır, Saat iki,otaq soyuq,yataq buz. Gülümsünüb mənə tərəf boylanır, Ürəyimin səmasından bir ulduz.. Şəfəqlənir gözümdəki halələr, Uçub qonur buza dönmüş büstünə. Mürgüləyir qızıl donlu lalələr, Duman çökür zəmilərin üstünə. Nə dəniz var,nə bulaq var,nə də çay, Səsi batıb içimdəki "qu"ların. Pəncərəmi dəniz bilib üzür ay, Günəş yatıb yuxusunda suların. Darıxıram,vurnuxuram sübhə var.. Tərs kimi də qovan yoxdu saatı. Yorğun ümid,dəmir qapı,dörd divar.. Hara çapım yəhərləyib bu atı. Duyursanmı ürəyimdən keçəni, Daş doğaydı həsrətinin anası. Baxışların dəlib keçir gecəni, Cilalanır ürəyimin aynası. Yəqin bilsən tutmaz mənə acığın, Səni-səndə "doğrayıram- biçirəm".. Ürəyimdə qaladığın ocağın, Alovunu udum-udum içirəm. Niyə belə,niyə belə ötürsən, Hər anımda bir yaralı rübabtək. Neyləyəcəm qəfil səni itirsəm, Su üstündə yoxa çıxan hübabtək. Gül ətirli yaralarım hoylanır, Saat iki,otaq soyuq,yataq buz. Gülümsünüb mənə tərəf boylanır, Ürəyimin səmasından bir ulduz...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gul-etirli-yaralarim-hoylanir/