Şeir · Azərbaycan
Gül olma ruhuna çox da bu şerin,
Gül olma ruhuna çox da bu şerin, Yox daha gördüyün dərələr,dağlar. Daraşıb canına anamız yerin, Bölüb nəyi varsa uzunqulaqlar.
Başqadı yaşamaq qaydası bizdə, Hər nəyə baxırsan gözünə oxdur. Hasara alınıb dağ da,dəniz də, Bölməyə adicə hava da yoxdur.
Qoy qalsın içində quş olmaq arzun, Heç xəyal kimi də gətirmə dilə. Ovut ürəyini uzundan-uzun, Sabahı olmayan nağıllar ilə.
Ev-eşik sözünü ağlına taxma, Yeganə mənzilin qəbir damındır.. Hətta sən gecələr göyə də baxma, Ulduzlar hərəsi bir adamındır.
Yanma,hər közərən ocaqda yanma, Burda hər istəyin niyələri var. Gülləri onsuz da bilirsən,amma, Amma,tikanın da yiyələri var..
Yüz yerə borclanır bir ömür payı, Durub özxoşuma ölə bilmərəm. Nəinki bulağı,meşəni,çayı, Bircə yarpağı da bölə bilmərəm..
Bölünüb gördüyün şəhər də,kənd də.. Bizim bir ümidə beşiyimiz yox... Bölünüb qurtarmış bu məmləkətdə, Bizim bölünəcək bir şeyimiz yox..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gul-olma-ruhuna-cox-da-bu-serin/