Şeir · Azərbaycan
Göydə uçan o quş da,
Göydə uçan o quş da, Suda üzən o balıq da, Yerdə sürünən o ilan da Tanrının sir-sifətinin qırışığının açılmağını gözləyir hər gecə. O təyyarə də, o gəmi də,o qatar da eləcə. Tanrı kefi olmayanda heç gündüz də güllə yaralarını yığışdırmır göylərdən. Ölüm rəqsinə dikəlir ürəyimin alovları. Baş sındırıram nə vaxtdı Tanrıya yazmayacağım məktubun üzərində.. Necə oldusa tək bir dəfə özümü inandırdım hər şeyə. Yaşıl bir buludu çörəyimin üstünə çəkib yeyə-yeyə. Sonra bir yaşıl ata mindim,bir yaşıl orman boyu Sən mütləq gəlib çıxacaqdın.. Hövsələm çox daralmışdı. Köhnə məktublar saralmışdı. Əsməyən küləklər tökdü zəhləmi. Qana boyandı arzularım,xatirələrim zəmi-zəmi. Bax odu divarlara sığal çəkir əliylə çəkmədiyi rəsmdən öncə rəssam dostum. Rəsmlərini asılacağı yerlərin mismar yerlərini əzizləyir. Yağmayan yağışlar yaşadığım bütün peşimançılıqları təmizləyir. Mənə bir resept yaz alnıma dirəyərək, o termometri həkim. Amma qoy əvvəlcə bir siqaret çəkim. Mən bir qızın gözlərindəki ləpədöyəndə dünyaya gəldim şair kimi, hamıdan uzaqda.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/goyde-ucan-o-qus-da/