Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Göydələnlər ucalır

Ayaz Arabaçı

Göydələnlər ucalır aya-ulduza qədər. Baxan da deyir ki,bəs,"full"ömrü yaşayırsan. Niyə könül qoymusan bu qədər ucuzluğa, Ən dəyərsiz,ən qara pul ömrü yaşayırsan. Bu tozdan-bu təpikdən,tıxanmırmı nəfəsin, Palaz ömrü sürürsən-çul ömrü yaşayırsan. Adam sənə baxanda gedib qusmaq istəyir, Gör bir hansı əsrdə qul ömrü yaşayırsan... Sənin nəyin azaddı..nəyin azaddı sənin...

Öz içini doğrayır qəzəbinin qılıncı, Ürəyinə od düşüb,sinəndə xallar yatır.. Qeyrətin qan işəyir Qarabağın düzündə, Gözü mamır bağlamış Rüstəmi-Zallar,yatır.. Səni bu yuxulardan bir oyadan tapılmır. Yatır hələ nə qədər yuxusu ballar yatır. İllərin sükutunu bircə günə pozaram.. Dilimdə bir-birindən qorxunc suallar yatır.. Sənin nəyin azaddı,nəyin azaddı sənin..

Hər tərəf uçurumdu, bəlkə bir yol bilirsən, Ayrı nə cür başlayaq,sabahlara varmağa.. Yerdə bəla paylayır bütün xəstəxanalar, Göydən bir təbib gəlsin yaramızı sarmağa. Sənə nə gün ağlasın balıq başlı adamlar, Keçirir kim istəsə səni qanlı qarmağa.. Bəs nə üçün çağlayır damarında o zəhər, Hanı gücün-qüdrətin bu zülməti yarmağa.. Özün yaxşı bilirsən qartal nədi,ilan nə.. And içməknən iş aşmır,gerbə,himnə,bayrağa.. Gövdəsindən üzülmüş çinara bənzəyirsən, Taleyin həll olunur xaricdən bir barmağa, Sənin nəyin azaddı,nəyin azaddı sənin..

Yağının ən yekəsi yuvalanıb içində, Endirmə öz kökünə,öz əlinlə baltanı. Mırıldanma arada qədər beləymiş deyib, Sığallama fərəhlə,başındakı xaltanı. Yüyürmə əldən qopub kim haraya çağırsa, Bircə dəfə sağ tanı,bircə dəfə sol tanı. Bir pələng harayıdır,mənim şair harayım, Dur silkələn,dur oyan,aydınlığa yol tanı. İndi bütün yer üzü sənə qulaq kəısilib, Ol sözünün ağası,ol sözünün soltanı, Kəsir dişim nə vaxtdı,kəsir bağırsağımı... Ay,duyğusu plastmas,təfəkkürü moltanı.. Sənin nəyin azaddı, nəyin azaddı sənin..

Saytda dərc olunub