Şeir · Azərbaycan
Gör nə vaxtdı görüşmürük Şaqqulu,
Gör nə vaxtdı görüşmürük Şaqqulu, Nə var-nə yox,əmi-dayı necədi.. İki gündən bir cildinə girdiyin, Tülkü,dovşan,çaqqal,ayı necədi..
Ət görürmü ətbaşından kələmin, Aydan-aya yetişirmi sələmin, Altdan-altdan işləyirmi qələmin, Bu millətin toyu-vayı necədi..
İşində ol qazan doldur qaz tutub, Kim sonacan ölüsünə yas tutub.. Qeyrətinin qılıncını pas tutub, Böhtanının oxu-yayı necədi..
Deyirlər ki,çıxartmısan lap ağın, Heyif bir az gec açıldı qapağın.. Zibillikdə şərəflənir papağın, Başındakı kələğayı necədi..
Adamlığı zurna-dəfə çıxartdın, Qaynadıqca ömrü kəfə çıxartdın, Sən özünü birtərəfə çıxartdın, Bəs o biri qaloştayı necədi..
Haqdan gəlsə ağrı-möhnət gözəldi, Yüz lənətdən bircə rəhmət gözəldi, Mən aldığım tənə-töhmət gözəldi, Sən aldığın tulapayı necədi..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gor-ne-vaxtdi-gorusmuruk-saqqulu/