Şeir · Azərbaycan
Gizləyirik üzümüzü ələknən,
Gizləyirik üzümüzü ələknən, Girləyirik başımızı kələknən, Çarpışırıq, əlləşirik fələknən, Küyə doğru, səsə doğru gedirik.
Qazıyırıq dilimizi köməcdən, Nə qalacaq bu nəfsdən bu nəşdən, Yarasatək gizlənirik günəşdən, Biz hələ də sisə doğru gedirik.
Üstümüzə qurd ulayıb, it hürüb, Vətən dərdi hamımızı bitirib, Qızıl kimi adımızı itirib, Gündən-günə misə doğru gedirik.
Yağıya bax, paramızın parası... Qaysaq tutmaz içimizin yarası, Ağarmamış üzümüzün qarası, Durub bir də hisə doğru gedirik.
Lətifəmiz nədən desən təzə var, Sazımızda-sözümüzdə məzə var, Görünür ki, canımızda nəsə var, Biz özümüz pisə doğru gedirik.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gizleyirik-uzumuzu-eleknen/