Şeir · Azərbaycan
Gəlib məndə girələnən ömrümün,
Gəlib məndə girələnən ömrümün, Zülüm-zillət,çər dayanıb başında. Nə müddətdi kefi yoxdu könlümün, Dərd dayanıb-sər dayanıb başında.
Neçə dəfə batırdılar batmadım Bir adamın kölgəsində yatmadım, Mən bu yaşa elə-belə çatmadım, Ağır zəhmət,tər dayanıb başında..
Heç kimiyəm özgələrin,özlərin, Odu sönməz içimdəki közlərin, İtə-qurda əymədiyim sözlərin, Bir yenilməz nər dayanıb başında.
Nə xəyalım bir iblisnən çuğlaşar, Nə harama əl-ayağım bulaşar, Əvvəl-axır qurda-quşa ulaşar, Bir karvan ki,xər dayanıb başında.
Göz bağlamaq,ağız yummaq olarmı, Bu qədər də çox umsunmaq olarmı, Ayağından xeyir ummaq olarmı, Bir şeyin ki,şər dayanıb başında..
Ahım tutub o qaboyu oynama, "Vağzalı"sı qanlı toyu oynama, Sən heç onu ömrü boyu oynama, O oyun ki,zər dayanıb başında..
Əyninizə alovları geyin ki!!! Odu canı,odu təni,deyin ki... Mənə verin bu Vətəni,deyin ki... Bir ər oğlu ər dayanıb başında..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gelib-mende-girelenen-omrumun/