Şeir · Azərbaycan
ən qəddar, ən izsiz
ən qəddar, ən izsiz qatildir vaxt işini həmişə təmiz görür əlində qan izi qalmır eşidilmir qurbanının səsi bir gün baxırıq ki hamımızın axırına çıxıb. ₼ ₼ ₼ ₼ ömür axsaq at kimi tövşüyür, zamanın qırmancı altında biz hələ də düşünürük gələcək qabaqdadır halbuki o artıq çoxdan keçmişdə qalıb
₼ ₼ ₼ ₼
hərəmiz bir hekayə uydurub aldadırıq özümüzü uydurma olsa da çox xoşbəxtik o hekayədə çünki həqiqət sərf eləmir sevmək üçün, inanmaq üçün biz o hekayədə ayrılmırıq unutmuruq, aldatmırıq gecikmirik hər şey vaxtında olur hər gün bir az daha yaxşı yalanlar uydururuq hər gün bir az daha inandırıcı oluruq və bir gün artıq ayırd edə bilmirik hansı bizik, hansı uydurduğumuz ₼ ₼ ₼ ₼ Sən də bilirsən ki ayrı fəsillərdə yaşayırıq. mən çiçək açanda üşüyürəm sən qar yağanda yaşamaq üçün bir az yalan, bir az xatirə, bir az da ümid qatırıq ruhumuza
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/en-qeddar-en-izsiz/