Şeir · Azərbaycan
Əlimə keçəndən qoydum stola,
Əlimə keçəndən qoydum stola, Baxmıram qapıya, çıxmıram səsə. Bir ağır gecəni salıram yola, Gəncə şərabıyla nəfəs-nəfəsə.. Səni unutmağa qərar vermişəm.
Çox da gileylənmə bu "istefa" dan, Fikir qarışıqdı, əsəb tarımdı. Könüllü gedirəm zövqü-səfadan, Bu mənim son hökmüm, son qərarımdı. Səni unutmağa qərar vermişəm.
Qəlbimi qum kimi sovurdu yelə, Başımın üstündə bulud durmağın.. Qoy yazım bitirim bu şeri hələ, Tam da reseptidi unutdurmağın. Səni unutmağa qərar vermişəm.
Ağlımdan elədin, elədin nə qəm, Yolumdan etməyə yetərmi gücün, Mən sənə düzünü deyə bilmirəm, Səni unutmaqdan qorxduğum üçün, Səni unutmağa qərar vermişəm.
İnamım yarımçıq, ümidim kəsik, Ən gözəl sözləri seçmirəm daha, Evdən iş adıyla çıxıb tələsik, Gəlib küçənizdən keçmirəm daha, Səni unutmağa qərar vermişəm.
Rahatlıq tapmadım əlindən bir az, Başladım özümü səndən atmağa.. Boylanıb hər qızdan-gəlindən bir az, Çalışma özünü xatırlatmağa.. Səni unutmağa qərar vermişəm..
Unutmaq özü də bir ali hissdi, Sarıl ümidinin boş tabutuna. Yandırsın içini qoy, isti-isti, Atıram bu şeri mesaj qutuna. Səni unutmağa qərar vermişəm..
Məhəbbət deyilən ana yasada, Nə Məcnun yaşımdı, nə Kərəm yaşım. O gözəl qoxunu unutmasa da, Bu it hissiyyatım, köpək yaddaşım, Səni unutmağa qərar vermişəm.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/elime-kecenden-qoydum-stola/