Şeir · Azərbaycan
Düşüb ortalığa naşı ustalar,
Düşüb ortalığa naşı ustalar, Baltama, rəndəmə, malama dəyir.. Bu həyat heç kimi sığortalamır.. Hərəyə bir cürə yalama dəyir.
Dar gəlir ömrümə girdiyim qəlib, Sinəmi çox qızıl güllələr dəlib, Harda bir binamus yad əl var gəlib, Bağıma-bağçama, lalama dəyir.
Azdı bu fanidə əməli salim, Onu başkəsəndi, on biri zalim, Nə nasir, nə şair, nə də ki, alim, Yazdığı-pozduğu kəlama dəyir.
Çıxıb qulluqlara, qula dəyməyən, Təmiz nə qaldı ki, tula dəyməyən, Dərisi beş quruş pula dəyməyən, Bürcümə sataşır, qalama dəyir.
Nə yazsın ağ gündən taleyi kömür, Dünyanın eybini içinə gömür, Mənim çox şükür ki, sürdüyüm ömür, Verdiyim-aldığım salama dəyir..
Üz tutub gedirəm hanı, yol handa.. Mən kimə hönkürüm içim dolanda, Cəbhədə bir əsgər şəhid olanda, Sanıram o güllə balama dəyir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dusub-ortaliga-nasi-ustalar/