Şeir · Azərbaycan
Dünənəcən göbək atan bir xanım,
Dünənəcən göbək atan bir xanım, Şükür daha,hicablanıb,şallanıb. Günmü belə başımıza çox döyüb, Elə bil ki,hamı bir az hallanıb..
Sirk açırıq hansı ayı xətrinə, Yüksəlirik əmi-dayı xətrinə, Bu ölkədə tulapayı xətrinə, Qızıl kimi həqiqətlər lallanıb.
Diz qalmayıb birimizdə iməkdən, Kim bay olub qara işdən-əməkdən, Çoxusunun haram tikə yeməkdən, Buxaqları xortum kimi sallanıb.
Bilən varmı nəyi necə sağaldaq, Bu nimdaşdı,bu qocadı,bu qaltaq, Kürsülərdə tox görünən o yaltaq, Quyruğunun hesabına yallanıb.
Çıxammırıq bir lənətin girindən, Böyüdürlər yazan kimi birindən, Kim əl çəkər öz xoşuna yerindən, Vəzifələr indi-indi ballanıb.
Sızlasa da,ağlasa da yalandan, Məmləkətdə satan çoxdu alandan, Boz eşşəklər qurtulubdu palandan, Ucdantutma yəhərlənib-nallanıb...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dunenecen-gobek-atan-bir-xanim/