Şeir · Azərbaycan
Dünən bir yas yerinə dəydim.
Dünən bir yas yerinə dəydim. bir xəstəyə baş çəkdim. Çap olunmayacağımı bilə-bilə bir sürü şeir verdim qəzetlərə. İki dəfə təhqir olundum avtobusda.. Kimsə deyinirdi arxamda, ümid yoxdu qəti qələbəyə.. instituta gedib qiymət yazdırdım çoxdan kəsiri qalmış bir tələbəyə. Gəlib yorğun-arğın oturdum reanimasiyalıq bir oturacaqda, düşündüm üstümə yumruqlarını düyünləmiş gələcək haqda.. Ruhumu titrətdi üryan ağaclar uddum acı-acı şəhəri bürüyən tozu. Baxdım məndən keçib gedən yollara ürəyimin simlərinə toxundu qızlar. Üfüqlərə boylandım, dincəldi yorğun baxışlarım. Yedirtdim ,doydurdum ac duyğularımı. sonra durdum oturduğum yerdən, Getdim "xalqın arasına" salamladım kiminsə qarasına söylənən dilənçini 50 qəpiklə. Uşaqlıqda olduğutək dağıtdım yolumdakı zibil topasını təpiklə.. Gücümü toplayıb çoxdan yolum düşməyən küçələrə təzədən özümü anlatdım. Hərəkət qaydalarını pozdum, şoferlərə üzümü danlatdım. Durdum üzü sahilə,balıqların sükutuna qarışdım.. axşam düşmüşdü, Zəng elədim köhnə sevgilimə it dilində danışdım...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dunen-bir-yas-yerine-deydim/