Şeir · Azərbaycan
Dünən axşam üstü
Dünən axşam üstü köhnə bir dostumu da götürüb sehrli bir qüvvənin təsiri altında içməyə getdim. Dedim ki, heç olmasa zəhləmiz gedən bu əsrdə ciyərimiz bir az soyusun... O da yarı könüllü, yarı könülsüz düşdü qabağıma.. Çoxdandı bizə doğma olan yerlərdən kəsilib ayağımız. Çoxdandı kədərli mənzərələr əvəz eləyir bir-birini. Dörd tərəf göz işlədikcə dərddi.. Bir az dilinə dəyən kimi dedi ki, yüngülləşir.. Dedim bəlkə daha içməyəsən, Sonra ağırlaşacaqsan.. Yetimləşəcəksən, fağırlaşacaqsan. Gülümsündü: -Biz hələ təzə-təzə tərki-dünya olmuşuq. Yadımda olsaydı bir-iki misra şeir söyləyərdim. -Bəlkə çöldə sərgərdan dolaşan küləyi də çağıraq, bizimlə bir-iki qədəh vursun. -Yox o içəndə özünü apara bilmir dedim, mən də zarafatla. Üç-dörd stol o yandan kimsə əl elədi mənə, Key-key baxdım, tanıya bilmədim, yalandan gülümsündüm.. Dostum, nə xoşbəxt saatlardı-dedi. Bu hələ bir-iki saat da oturaq demək idi. Etiraz eləmədim. O stoldan bizə bir şüşə araq göndərdilər.. -Bunu da içək dedi.. -Nəyə içək? -Kəndimizin yağışlı gecələrinə, mavi üfüqlərinə, bir də .. Nəsə demək istədi, səsi xırıldadı...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dunen-axsam-ustu/