Şeir · Azərbaycan
Didirik-yeyirik bir-birimizi,
Didirik-yeyirik bir-birimizi, Hələ ki,işləri yağıq, İlahi. Üzdə qartal deyib çox öyünürük, Amma ki,qarğayıq-vağıq,İlahi..
Necə alacaqsan ürəkləri sən... Qoydun özbaşına küləkləri sən, Gərək qurudaydın o kökləri sən, Xiyardan-xiyara tağıq,İlahi.
Can şirin şey imiş, can ağlayırıq, Sübhə ulaşmamış dan ağlayırıq, On əsr əvvələ qan ağlayırıq, Sən bilən biz hansı çağıq ilahi..
Uzandı boyumuz çatıya qədər, Alçaldıq Fatıdan-Fatıya qədər, Odey,bax,Doğudan Batıya qədər, Hər kəsin dilində lağıq,İlahi.
Ölmürük-itmirik ha yükləyirsən, Şərin manqalını körükləyirsən Bizi ki,bu qədər külüngləyirsən, Deməli,gözündə dağıq,İlahi.
Dağıtdı..bacardı kim harasınnan.. Min yol inləmişik can yarasınnan, O boyda utancnan,üzqarasınnnan, Bəs niyə bu qədər ağıq İlahi.
Nə soldan-solu var,nə sağdan-sağı, Gedir əldən gedir vətən torpağı. Axı nə küçükdü,bir ovuc yağı.. Biz niyə hələ də sağıq İlahi.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/didirik-yeyirik-bir-birimizi/