Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Dik tuturuq qamətini dərdlərin,

Ayaz Arabaçı

Dik tuturuq qamətini dərdlərin, Yerindədi zorumuz da,hələ ki.. Qanad alır yelkənimiz küləkdən, Yıxılmayıb dorumuz da,hələ ki.

Pinqivinlər bizi fitə götürüb, Qaranlıqlar itdən-itə götürüb, Ömrümüzü kreditə götürüb, Dərdimiz də,çorumuz da hələ ki..

Yellənirik boz günlərin ipində, Bir gün keçəl,bir gün kosa tipində, Çörək də var təknəmizin dibində, Barıt kimi şorumuz da hələ ki..

Yalanımız lap ağ altda gizlənib, Bozbaşımız qapaq altda gizlənib, Qeyrətimiz papaq altda gizlənib, Kül altdadı qorumuz da,hələ ki..

Bir könüldə neçə arzu qarıyır, Zaman hansı yaraları sarıyır.. Nə müddətdi eyni notda zarıyır, Dəyişməyib xorumuz da hələ ki.

Quruduruq dərimzi dəf üçün, Can qoyuruq bir yarıtmaz şef üçün, Yurddışına uzatmışıq kef üçün, Salamatdı borumuz da hələ ki.

Hamı niyə bir azğında azırdı, Qələm nədən şərdən şirin yazırdı, Ölməmişdən söyülməyə hazırdı, Qəbrimiz də,gorumuz da hələ ki..

Saytda dərc olunub