Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Demə ki,bu işlər qabağa getmir,

Ayaz Arabaçı

Demə ki,bu işlər qabağa getmir, Altına dörd təkər qoyarıq gedər.. Ağına-bozuna baxmarıq qəti, Tutub dərisini soyarıq,gedər..

Unut açılmayan kor düyünləri, İçində boğulub qalsın ünləri.. Tale ağartmasa qara günləri, Özümüz ağ rəngə boyarıq,gedər.

Talansa tifaqın,dağılsa bürcün, Dayan sona qədər yetincə gücün.. Dünyanın ən gözəl istəyi üçün, Qəfil canımıza qıyarıq,gedər..

Çəkilər dumanı,açılar tülü.. Hər şey ortadadı üstü örtülü, Belə dolanmarıq süslü-ütülü.. Hərdən şeytana da uyarıq,gedər..

Daşar üstümüzə Kür-Araz gələr.. Danışar yorular yadlar,özgələr.. Hərənin ağzından bir avaz gələr, Hamını bir ucdan duyarıq,gedər..

Mənəm də,hər sözdən üzülmə pəri, Bu gecə bu şerin içində əri .. Üst-üstə qalanan "inciklik"ləri, Bir şüşə şərabla "yuyarıq" gedər..

Saytda dərc olunub