Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Demək istədiklərim alınmır telefonda,

Ayaz Arabaçı

Demək istədiklərim alınmır telefonda, Mesajnan da yazanda sona kimi doymuram. Nə bilim ey,nədənsə elə bilirəm onda, Sənə olan sevgimə ürəyimi qoymuram..

Uçmuram sevincimdən barmaqlarım dəyəndə, Heç bir hərfin nəbzini tutub yoxlayammıram. Elektron sözləri ürəyim istəyəndə, Götürüb sətir-sətir öpüb qoxlayammıram.

Süni parıltısıyla tısbağa monitorlar, Şirin-şəkər sözlərin ruhuna kölgə salır. Gözümün qabağını elə tutur ki,torlar, Mənim yeganə çarəm ancaq məktuba qalır.

Həm də məktub yaxşıdı,bunda nə var ki,ayıb, Mən açığı nə vaxtdı,"feys"dən üşünürəm. Elə ona görə də hisslərimi toplayıb, Sənə məktub şəklində yazmağı düşünürəm..

Məktub elə şeydi ki,bir az olsa da xofu, Oxuyanda hər dəfə vaxtı dayandırırsan. Məktubda lap zor çıxır məhəbbətin alovu, Gizlədə bilməyəndə oxuyub yandırırsan..

Almaq heç,çox gözəldi,hələ yazmağın özü, Özünə də xoş gəlir bir çox məziyyətlərin. Tapıb yaza biləndə ən gözəl,ən gül sözü, Yoxa çıxır bir anda bütün əziyyətlərin.

Açılır sinəndəki ballı söz pətəkləri, Duyğular qanad açır bir yeşik arı kimi. Qopub söz-söz dilindən qəlbinin mələkləri, Düzülür ağ kağızda durna qatarı kimi.

Vecimə də deyil ki,harda dəyib yıxacaq, Sən tərəfdən atılan hər qızıl ox gözəldi. Mənim eşqim məktubda daha canlı çıxacaq, Duyğularım bir yana xəttim də çox gözəldi.

Adını sevgi qoyub yaşadığım bu cəza, Sənin də mənim kimi ərşə çəkər yuxunu. İndi mən bu məktubu oturub yaza-yaza, Təsəvvür eləyirəm necə oxuduğunu..

Ürəyim hey alışır odlu hisslərə uyub, Yazıb verdim gətirər sənə poçtalyon Peçkin.. Amma sən bu məktubu yaxşı-yaxşı oxuyub, Elə yerdə gizlə ki,tapa bilməsin heç kim..

Saytda dərc olunub