Şeir · Azərbaycan
Çalış bir az sözlərinə yüyən vur,
Çalış bir az sözlərinə yüyən vur, Necə gəldi sağa-sola danışma, Özünü qoy qabağına tüpür, söy, Bir dəfə də mala-pula danışma.
Səhv yönəltmə bu yiyəsiz xoru, sən, Görəmmirsən kül altdakı qoru, sən, And verirəm sən atanın goru, sən, Bayquş kimi ancaq ula, danışma..
El neçə ki,qabırğanı qırmayıb, İt ağzını iki metr cırmayıb, Həftəsəkkiz balağını çırmayıb, Qəhbə kimi meydan sula,danışma.
Çıxdın gəldin neçə-neçə hoqqadan, Yoxdu səni bir dincəldən,toxdadan, Utan barı başındakı noxtadan, Əynindəki köhnə çula danışma.
Harda durur bu allahsız soy, görək, Boylanırmı Beyrəklərdən boy görək, Başımıza nələr gəlir qoy görək, Sən eləcə quyruq bula, danışma,
Kim sağ çıxıb millət ilə döyüşdən, Gəl əl götür axmaq işdən, səy işdən, Elə bil ki, həzz alırsan söyüşdən, Ay qeyrəti ala-bula, danışma..
Kim qaldı ki, nə qaldı ki, müqəddəs, Böhtanların səbrimizi kəsdi, kəs, Abrın olsun, həyan olsun bəsdi, bəs, Çıxıb orda tula-tula danışma.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/calis-bir-az-sozlerine-yuyen-vur/