Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu xalqın əzəli kökünə döndük,

Ayaz Arabaçı

Bu xalqın əzəli kökünə döndük, Bu xalqın əzəli soyuna gəldik.. Uca zirvələrə qonan bayrağın, Vurulub hüsnünə-boyuna gəldik..

Qaynadıq -qarışdıq Vətən ocaqda, Çoxu nazlananda isti qucaqda, Gizlənib qalmadıq küncdə-bucaqda, Nə zaman çağırdı hoyuna gəldik.

Atdıq üstümüzdən duzsuz adları, Keçdik,keçilməyən dərin qatları, Keçmişə səyirdib köhlən atları, Baybərə oğlunun "boy"una gəldik.

Bəzi məsələlər çox siyasiydi.. Az qala Tanrıya millət asiydi.. Vətən yad əllərdə "sol","lya","si"ydi. "Fa"yına,"re"yinə,"do"yuna gəldik.

Dalqalar köpürüb sahili aşdı, Yağlı danışıqlar masası daşdı, Qəfil səbrimizin kasası daşdı, Gəldik,otuz illik düyünə gəldik..

Birdimi-beşdimi qara çibanlar, Əriştə kəsənlər,umac ovanlar, Qayçılı-bıçaqlı cumdu "ivan"lar, Nə vaxt ki,ətləndik və yuna gəldik..

Vay odu,bu qara çilə getməyə, Çevrilə bir günü ilə,getməyə.. Qoyundan çıxmışdıq filə getməyə, Hərlənib yenə də qoyuna gəldik..

Qayıtdıq,Kitabdan-"basın"dan çıxıb.. Dünyanın kirindən-pasından çıxıb, Ölmüş arzuların yasından çıxıb, Şəhid oğulların toyuna gəldik..

Gəlsin iblislərin evini yıxsın, Və cümlə pislərin evini yıxsın, Allah baislərin evini yıxsın, Dədə,bu dəfə də oyuna gəldik..

Saytda dərc olunub