Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

bu tufanlar sənə görə başlayıb,

Ayaz Arabaçı

bu tufanlar sənə görə başlayıb, bu küləklər sənə görə əsirlər, bu maşınlar sənə görə şütüyüb, hər küçədə qabağımı kəsirlər..

niyə belə əzəmətli qalmısan, tufanların, küləklərin yadında.. sənə görə hirslənmişdi üstümə, vağzaldakı süpürgəçi qadın da..

vüsalını, yaşatdığın günlərin, hər birinin şərəfinə satıram. ürəyinə başqa bir şey gəlməsin, səni hər gün sənə görə atıram.

isti evdə oturmaqnan deyil ki, buz kəsirsən, canında can üşüyür.. bir küçük var, bir divarın dibində, sənə görə sabahacan üşüyür.

əllərimə məzuniyyət vermişəm, saçlarını dəlisayaq hörmürəm.. bir xanım var.. eh nə isə, qırılma, bir yuxu var sənə görə görmürəm.

dodağımı söykəyirəm şəklinə, yanağına qızılgüllər əkirəm. siqareti görən kimi deyinmə, bu zəhəri sənə görə çəkirəm.

bu tufanlar sənə görə başlayıb, bu küləklər sənə görə əsirlər.. bu maşınlar sənə görə şütüyüb, hər küçədə qabağımı kəsirlər...

Saytda dərc olunub