Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu hansı dənizdi suyu quruyan,

Ayaz Arabaçı

Bu hansı dənizdi suyu quruyan, Bu hansı limandı yan verir ölkəm. Bezdik yürüməkdən əl havasına, Zülmətə nə zaman dan verir ölkəm.

Yoxdu bu zülmətdən xilas günləri, Qaldı qiyamətə qisas günləri, Yasdı təqvimində əsas günləri, Dərdə damarından qan verir ölkəm..

Kaş ki, daş doğaydın sən məni, ana, Ürəyim sinəmdə çalxanır qana, Gör kimi mindirir şöhrətə - şana, Gör kimə ad verir, san verir ölkəm..

Ruhumu dalayır söz quduz kimi, Nə yara yaradı, nə duz duz kimi, Boğazı üzülmüş bir xoruz kimi, Çırpına-çırpına ban verir ölkəm.

Qartal olmadısa bir zirvədə ki.. Ammadı, ancaqdı, bir də və, də, ki.. Lənət o pula ki, o sərvətə ki, Səfalət içində can verir ölkəm...

Saytda dərc olunub