Şeir · Azərbaycan
"Bu havada gedilməz"..
"Bu havada gedilməz".. Onsuz da bu soyuqlar kəsib nəfəsimizi. Kövrək pıçıltılara qısmışıq səsimizi. Getmə, getsən gözlərim qardan-yağışdan çıxmaz. Getmə, sənsiz, ürəyim bu mənfur qışdan çıxmaz. Qəlbimin qapısından gir içəri gör nədir. Özün təzəsən, ancaq həsrətin çox köhnədir. Bu havada gedilməz… Pəncərələr dumanlı, saatlar ləng, mən qərib. Niyə qoyub gedirsən məni belə müztərib? . Sevməkdən, itirməkdən qorxduğunu yazmışdın. Elə bil darıxmağa çoxdan hazırlaşmışdın. Bir də nə vaxt düşəcək, bu gözəl anlar ələ, Getmə və heç düşünmə.. Səsini xatirəyə çevirməmişəm hələ. Bir az sənə yazdığım sözlərimə sığın qal, Bir az dalınca baxan gözlərimə sığın qal. Bu havada gedilməz… Qəlbimin divarları hər yerdən oyuq-oyuq. Getsən bu qış günündə, Dondurar bu şəhəri iki nəfərlik soyuq. Çox aciz durumdayıq, ağlayaqmı, güləkmi? Məndən nə istəyirsən, Eşqmi canmı, ürəkmi, Məndən nə istəyirsən al deyəcək qədərəm. Mən sənə həyatımda qal deyəcək qədərəm...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-havada-gedilmez/