Şeir · Azərbaycan
Bu döydüyüm qapıların,
Bu döydüyüm qapıların, Yüzündən biri açılmır. Elədiyim günahların, Üzündən,biri açılmır.
Şahı mənəm kababların, Savabı yox savabların, Mən bildiyim cavabların, Düzündən biri açılmır.
Hamı uzaq,hamı sərin, Köks ötürdüm dərin-dərin, Dərd vurduğu düyünlərin, Özündən biri açılmır.
İstək hamar,həyat coddu... Söndü könlüm oddu-oddu, Bu nə dildi,bu nə koddu, Sözündən biri açılmır.
Sor halımı,sor bəxtimi, İçindəyəm tor bəxtimin, Kor eşqimin,kor bəxtimin, Gözündən biri açılmır..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-doyduyum-qapilarin/