Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu dumanı bu tüstünü,

Ayaz Arabaçı

Bu dumanı bu tüstünü, Uda-uda darıxdım. Yenə şükür,heç olmasa, İşdi bu da,darıxdım.

Göz yaşını sıxıb gedən, Ətəyini yığıb gedən, Baxdım,baxdım,çıxıb gedən Bir buluda,darıxdım.

Qala qurdum,divar çəkdim, Dərd adına nə var,çəkdim... Dərya-dərya avar çəkdim, Girdim, suda darıxdım.

Bir gün cəmdə,bir gün təkdə, Dil qıfılda əl ətəkdə , Bütün ömrü gah gerçəkdə, Gah yuxuda darıxdım...

Saytda dərc olunub