Şeir · Azərbaycan
Birbaşa gəlirəm məramın üstə,
Birbaşa gəlirəm məramın üstə, Çox duz səpibsiniz yaramın üstə, Haramı toplayıb haramın üstə, Qatdıqca-qatmağın xeyrini görün.
Sürün kefinizi "şeş"də, "cahar"da, İstər qışda olsun, istər baharda, Nə fərqi "lox"layır kim-kimi harda, Atdıqca-atmağın xeyrini görün..
Tapmadım heç zaman haqda haqlığı, Sürdürün feyz ilə hər yaltaqlığı, Qoymayın qurusun bu bataqlığı, Batdıqca-batmağın xeyrini görün..
Kar etmir təsirli heç bir söz sizə, Həyasız-həyasız çırmanın dizə, Zəhərli-zərərli məqsədinizə, Çatdıqca-çatmağın xeyrini görün.
Nə cür başa salım başqa cür sizi, Onsuz da itirib çən-duman izi, Satın bacardıqca bir-birinizi, Satdıqca-satmağın xeyrini görün.
Bəsdi də şairim, yetər sən də sus, Bu yandan ingilis, o yandan urus.. Ey qoca məmləkət, ey yetim ulus, Yatdıqca-yatmağın xeyrini görün.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/birbasa-gelirem-meramin-uste/