Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir səsə bənzədib,bir ünə yozub,

Ayaz Arabaçı

Bir səsə bənzədib,bir ünə yozub, Məni unutduğun birinə yozub, Acı günlərini şirinə yozub, Şərbətə batırma,gülaba qoyma..

Binadan varıydı qəm təməlində, Duymuşdum bu eşqin ən əvvəlində, Nə qədər imkanın varsa əlində, Məni al qanıma bələ bə, qoyma..

Sən ki, nur verərsən Qəmərə-Şəmsə, Səni anlatmırmı o boyda "Xəmsə". Gözündə-könlündə təkcə mənəmsə, Ayrı bir yad adı o ləbə, qoyma.

Uçuş meydanına dönməz hər sinə... Durnalar dayanıb üzü tərsinə, Tədris elədiyin sevgi dərsinə, Bir də mənim kimi tələbə qoyma.

Yarıda saxlama hökmünü tam et, Bir daş parçasını çevir adam et, Məni burda soydur, burda edam et, İraqa göndərmə, Hələbə qoyma.

Sorma nə qaydadı, nə təbiətdi, Hər sözüm, hər kəlməm sənə biətdi.. Bu sevda möhtəşəm məğlubiyyətdi.. Yalandan adını qələbə qoyma..

Saytda dərc olunub