Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir qız oxuyurdu bizim qrupda,

Ayaz Arabaçı

Bir qız oxuyurdu bizim qrupda, Gülüşü, baxışı göz qamaşdıran. Bir qız oxuyurdu bizim qrupda, Ürək parçalayan, ağıl çaşdıran.

Mənim ürək sözüm yalnız onaydı, Bilirdi o vaxtı bütün uşaqlar. Qızların içində o bir sonaydı, Oğlanlar çətin ki, unutmuş olar.

Bir az köntöy idim, qılıqsız idim, Ona don biçirdim hər cür «əmma»dan, Danışmaq məqamı heç nə demirdim, O da baş açmırdı bu müəmmadan.

Bilirdi sevirəm Məcnundan betər, Düz beş il gözlədi, iradəliydi. Bir dəfə demədi bu oyun yetər, Ya mən səfeh idim, ya o dəliydi.

Hər gün eyni yolu gəlib-gedərdik, Həyat elə bil ki, uzun yuxuydu, Özümüz hər şeydən söhbət edərdik, Amma dilimizin dili yoxuydu.

O başa düşəndə ailə qurdu, Mən başa düşəndə tamam gec oldu, Dostlarım bir dəfə üzümə vurdu, Balaca eyhamla- --o qız necoldu?

Bir qız oxuyurdu bizim qrupda, Səsi qulağımda hələ də durur, Mən onu hər zaman xatırlayıram, Ömrümü saat tək sevgiyə qurur...

Saytda dərc olunub