Şeir · Azərbaycan
Bir gün ikimizi soruşan olsa,
Bir gün ikimizi soruşan olsa, Gəldi başımıza çox iş, deyərsən. Düz yola öyrənmiş ayaqlarına, Çınqıllı, kəsəkli yoxuş geyərsən.
Nə calaq vurum ki, calağın üstən, Ölmüşəm, bir ağ da sal, ağın üstən, Sinəmə çəkdiyin o dağın üstən, Hər bahar bir qönçə naxış geyərsən.
İstədim hamıdan tez dərim səni, Oxşasın ən gözəl sözlərim səni, Soyundu əynindən gözlərim səni, Sən daha bir ayrı baxış geyərsən.
Heç lüzum yoxuydu bu boyda geştə, Gərək etməyəydin son sözü neştər, Söndü içindəki qara günəşlər, İndi gözlərinə yağış geyərsən.
Bitdi bu nağıl da, qurtardı nənə, Könlüm göyərçintək çırpınmaz dənə, İsti xatirələr saxladım sənə, Mənsiz üşüyəndə bu qış, geyərsən..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-gun-ikimizi-sorusan-olsa/