Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir buz abidə kimi…

Ayaz Arabaçı

Bir buz abidə kimi durub sonuncu qatda,Tanrı baxır gecənin aylı pəncərəsindən.Mərmi kimi partlayır ürək köksümün altda,Diksinirəm damdakı pişiklərin səsindən.

Yoxdu o xam xəyallar, atlanası, minəsi,Bircə çiçəklər duyur ürəyimdən keçəni.Açılıbdı həsrətin iltihablı sinəsi,Qan qusub batıracaq ağ yelkənli gecəni.

Ömrümü qayçı kimi kəsib töküb cəzalar,Soyuq baxışlarını isit sonuncu kərə.Gözümü çox qorxudub keçirdiyim qəzalar,Paraşütlə enirəm daha xatirələrə.

Qollarımı qopardıb sürüyür sola-sağa,Yolunu azıb gələn küləklərin fəryadı.Bu axşam içimdəki boşluğu doldurmağa,Nə şərab bəs eləyər,nə siqar, nə də qadın…

Bahar olmaq istəyin, adi romantikaydı,Çiçəklərlə bəzənmiş şabalıdı sətində..Ağlından heç keçdimi, bu yay sonuncu yaydı,Çiçək bayramı olmur payız portretində.

Ayrılıq aramızda günlərlə susa-susa,Hər iki ayağını soxmuşdu bir başmağa.Bir bulud da yox idi, amma necə oldusa,Gözlərimiz başladı yağışdan danışmağa.

Dönüb xatirələrə yaşanan hər gözəl gün,Hər zaman qayıdırsa getmək heç də “get” deyil.Nəhayət anladıq ki, məhəbbət bizim üçün,Bəzəkli kağızlara bükülmüş konfet deyil.

Əsir hərdən içimdə eşqin qızıl mehləri...Hansı nəğmədə öldük,hansı laylada yatdıq..Uğur vəd eləmədi istixar təsbehləri,Həsrətin mənzilinə eyni məqamda çatdıq.

Ömrümü qayçı kimi kəsib-tökür cəzalar,Soyuq baxışlarını isit sonuncu kərə..Gözümü çox qorxudub keçirdiyim qəzalar,Paraşütlə enirəm daha xatirələrə…

Saytda dərc olunub