Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bilıirsənmi ürəyimdə nə qədər,

Ayaz Arabaçı

Bilıirsənmi ürəyimdə nə qədər, O illərin xatirəsi var hələ. Onda təzə gül açırdı ağaclar, Dəyməmişdi heyva hələ, nar hələ.

Qoymamışdım ov yerinə ovçunu, Ürəyimlə doldurmuşdum ovcunu, Bitməmişdi tellərinin ovsunu, Sınmamışdı kaman hələ, tar hələ.

Ulduz-ulduz odlanırdı gecələr, İndi gözüm beş kövrələr, üç ələr, Geniş idi gəzdiyimiz küçələr, Gəlməmişdi dünya bizə dar hələ.

Gələrdilər qumrulara gəl, desək, İsinərdi bir yuvaya hə desək, Azdan çoxdan eşidərdi nə desək, Olmamışdı taleyimiz kar hələ.

Düşməmişdi qəribliyə daşım da.. Onbeşlərdən üç artıqdı, yaşım da.. Dərd atını səyirtmirdi başımda, Yağmamışdı saçlarıma qar hələ.

Bəlkə elə doğrudan da butandım! Bu naşılıq ağır gəldi utandım, Bilsəm yəqin onbeşəlli tutardım, Mən bilmirdim nə deməkdi yar hələ.

Saytda dərc olunub