Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bilirdim ki əvvəl axır gedəcək,

Ayaz Arabaçı

Bilirdim ki əvvəl axır gedəcək, Həyatıma pərçim olan adamlar Adicə bir yağ bıçağı deyilmiş, Baltam olan, kərkim olan adamlar.

Yem oldular sərçələrə tum kimi, Üyündülər ovuc-ovuc qum kimi, Əridilər şamdanımda mum kimi, Qaya kimi bərkim olan adamlar,

Hər birini tutya kimi özlədim, Ürəyimi kabab kimi közlədim, Büdrəyəndə dörd göz ilən gözlədim, Yoxa çıxdı ərkim olan adamlar.

Tülkü məni, toyuq məni apardı, Hər tərəfdən oyuq məni apardı, Hardasınız soyuq məni apardı, Hardasınız, kürküm olan adamlar.

Sökülməmiş, dan yerində qürubmuş, Sevdiklərim dar ağacı qurubmuş, Öz qəlbimdə silahlanıb durubmuş, Qorxum olan, hürküm olan adamlar..

Oorxurdum ki, ömür birdən yetməyə, Və bu ağrı qalıb, qalıb getməyə, Həyatımı sərf-nəzər etməyə, İmkan verdi, vergül olan adamlar..

Gördüm mətni üç-dörd pozuq titrdi, Bu kitabı könlüm çavuq bitirdi.. Məndən ötrü dəyərini itirdi, Hər kəs olan, hər kim olan adamlar,

Dayaq ancaq iradənmiş, gücünmüş.. Xətrim tamam qalıqlanmış, küçünmüş, Mənə yaxşı bir dərs almaq üçünmüş, Bu çağımda görküm olan adamlar.

Saytda dərc olunub