Şeir · Azərbaycan
Bəlkə də cəbhədə soyuqlar düşüb,
Əsgər balalarımıza yazdım..
Bəlkə də cəbhədə soyuqlar düşüb, Bəlkə də qar yağıb..biz hardan bilək. Bu gün qəlbimizdə sizədir ancaq, Ən isti arzu və ən gözəl dilək. Burda söz düşəndə qanlı davadan, Qorxudan küləklər qısılır tinə. Bakıda bizim də səhərlərimiz, Açılır sizintək güllə fitinə. Bütün çırpıntılar sizə görədir, Söhbəti hər zaman sizdən salırıq. Dükanda bir yaxşı paltar görəndə, Tez onu xəyalən sizə alırıq. Göynəyib qalanda həsrətinizlə, Fidan şəklinizə baxıb doyuruq. Nə zaman süfrəyə əyləşiriksə, Sizə də çay süzür,yemək qoyuruq.. Baxıb öyünürük vüqarınızla, Bir uca dağsınız gözümüzdə,dağ. Qəlbimiz həmişə yanınızdadır, Bizə də səngərdi bu ev,bu yataq. Bir gün gedərsiniz sökülməmiş dan, Düşmənə dağ çəkib,qan uddurarsız.. İllərlə bu yurdun canına hopan, Bütün ağrıları unutdurarsız.. Bu savaş bitəcək zəfərinizlə, Haqq özü keçibdir tərəfinizə. Harda bir toy olur,bir nişan olur.. Dolur piyalələr şərəfinizə. Bəlkə də cəbhədə soyuqlar düşüb, Bəlkə də qar yağıb..biz hardan bilək. Bu gün qəlbimizdə sizədir ancaq, Ən isti arzu və ən gözəl dilək. Mən hansı bir adla çağırım sizi, Bu yurdun,bu elin öz adısınız. Siz axı bir evin deyil ki,oğlum, Böyük zəfərlərin övladısınız.. Çox çəkməz bu yurda kəc baxanların, Kəsilər toxumu,quruyar soyu.. Sıxıb sinənizə avtomatları, "Cəngi" çalarsınız sərhədlər boyu..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/belke-de-cebhede-soyuqlar-dusub/