Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Başımda dəlləklik öyrənənlərin,

Ayaz Arabaçı

Başımda dəlləklik öyrənənlərin, Cibindən əzrayıl qayçısı çıxır.. Min herslik fəryadım haqqa ulaşmır, Səsimə Torqovı çayçısı çıxır.

Könlümə hər yerdən güllə saçılır, Alın yazısından hara qaçılır, Nə mənim bircə yol kefim açılır, Nə dərdin qarnından sancısı çıxır..

Hər qotur pişikdən ərənlik umma, Hər adı alimdən dərinlik umma, Sən məni ağladıb şirinlik umma, Mənim gözlərimdən acı su çıxır..

Zəhər bilinmir ki,dadından qabaq, Kişilər bəzənir qadından qabaq, Elə alçaq var ki,adından qabaq, Dilimə anası-bacısı çıxır..

Bir verdim gəlmədi min əvəzinə, Bu nədi sırınır din əvəzinə, İndi butulkadan cin əvəzinə, Saqqallı Xorasan hacısı çıxır..

Günahlıq-vəballıq heç nə yazmıram, Nə yağlıq,nə ballıq heç nə yazmıram, Ordenlik-medallıq heç nə yazmıram, Yazıram canımın acısı çıxır...

Saytda dərc olunub