Şeir · Azərbaycan
Başımın üstündən uçub getdilər,
Başımın üstündən uçub getdilər, Köçəri durnalar. Getdilər məqribdən məşriqə qədər. Məni yğış kimi yuyub apardı, Tozlu bir şineldən boylanan kədər. Durna qatarına qoşuldu yuxum, İçimdə çırpındı yaralı ruhum.. Tozlu bir şinellə durdu yanaşı, Bir qızın ağ donu çiyin-çiyinə.. Köhlənlər kükrədi,çaylar kişnədi. Küləkli-yağışlı bu toy-düyünə. Sahili yaladı qanlı dalğalar, Küsdü qağayılar bir ovuc yemə. Kimsə pıçıldadı,qayıdacağam.. Ölüm xəbərimi anama demə. Qəfil göy üzünün tavanı qopdu, Düşüb pəncərəmdən çilikləndi ay.. Qaçdım arxasınca qanadlarımın, Şimşəklər səmanı doğradı lay -lay.. Hardasa uzaqda tüfəng açıldı, Körpə bir buludun ağ sinəsinə.. Çiçəklər başını qoyub ağladı, Göylərin bir ağız durna səsinə.. Hardasa,uzaqda toy mağarında, Titrədi,səksəndi qara zurnalar.. Başımın üstündən uçub getdilər, Köçəri durnalar.. Yıxıldı məscidlər minarəsindən.. Yıxıldı şəhərlər yer kürəsindən.. Yıxıldım eləcə durduğum yerdə, Yıxıldım bir ovuc durna səsindən Susdu içimdəki sevgi mələyi... Qısıldım əlimdə durna lələyi.. Astaca məni də gözləyin dedim- Astaca məni də aparın dedim..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/basimin-ustunden-ucub-getdiler/