Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bala bal deyirəm, zəhərə zəhər,

Ayaz Arabaçı

Bala bal deyirəm, zəhərə zəhər, Dilim lal dayanıb, lal dura bilmir. Mənim kişiliyim, mənim mənliyim, Bu gün çoxlarıtək mal dura bilmir..

Çəkildi düz görən gözlərə millər, Hər yeri talayıb dağıtdı fillər, Tüstümü başımdan çıxardan illər, Yandığım havanı çaldıra bilmir.

Əridim illərin heçində, heç nə.. Nə var o əkində, biçində, heç nə.. Daha bu zəqqumun içində,heç nə- Məni xəyallara daldıra bilmir.

Poladdan töküldü dərdimin himi, Göylərə kişnədim, köhlən at kimi, İndi heç Allah da sınıq qəlbimi, Bir şeynən aldadıb aldıra bilmir.

Yeyib abrımızı-ismətimizi, Düzün ortasında qoydular bizi, Yüz qartal birləşib qismətimizi, Bir dənə bayquşdan saldıra bilmir..

Hanı günəş vətən,hanı ay vətən, Yadlara bal-qaymaq,şiinçay vətən.. Sən niyə bu günə düşdün,ay vətən, Ürəyim bu yükü qaldıra bilmir..

Get, ayrı bir çölün düzündə şaqqı, Durub çığnayacam.bir, Allahhaqqı, Kəs bala, kəsginən o taqqataqqı, Bu millət yuxudan kal dura bilmir...

Saytda dərc olunub