Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Balaca allahlar, balaca şahlar,

Ayaz Arabaçı

Balaca allahlar, balaca şahlar, Nifrətə bu qədər yaxın durmayın, Bu xalqa bu qədər qan uddurmayın. Bir yol da bu gündən sabahı görün. Günah içindəsiz günahı görün. Açın bir, kor olmuş gözlərinizi, Məzlumun çəkdiyi , o ahı görün, Yazıqdı bu millət, yazıqdı bu xalq, Başınız üstündə Allahı görün, By xalqa bu qədər qan uddurmayın.

Belə inlətməyin bac-xərac altda, Çıxardır çulunu sudan, birtəhər. Qalıb hər tərəfdən od arasında, Susanda qəm boğur, dinəndə qəhər, Hər yeri yağıtək zəbt eləmisiz, Nə kənd qoyubsunuz, nə də ki, şəhər . Allah gözünüzü doydurmasın heç, Çapıb talayırsız hey axşam səhər. Hansından başlayım, hansını sayım, Pul, qızıl, ev, maşın, zəhirmar, zəhər.. Bu xalqa bu qədər qan uddurmayın.

Tanrı heç ömrünə ömür qatmasın, Kim ki, bu millətdən qıraqda durdu. Bəslənə bilərdi yağ - bal içində, Nə balda göründü, nə yağda durdu. Yedi müharibə, balalarını, Nə zaman istədiz ayaqda durdu, Yağılar endirə bilmədi dizə, Dağ kimi yüksəlib dayaqda durdu, Ən ağır günlərdə əlində silah, Himndə səsləndi, bayraqda durdu. Bu xalqa bu qədər qan uddurmayın.

Arada dəftərə-kitaba baxın, Bu qoca tarixin hər günü dərsdi. Sizə də çatacaq təkmə-tokatdan, Qapazı ağırdı, şilləsi tərsdi.. İllərlə bu xalqın başının üstən, Küləklər uladı, tufanlar əsdi, Əzrayıl görsəydi yerə girərdi, Bu nə bəhsabəhsdi,nə kəsahakəsdi, Bu xalqa bu qədər qan uddurmayın.

İnanıb, aldanıb, hər şirin vədə, Bəsləyib qudurtdu neçə tazını. Axı bundan artıq neyləməlidi Hər itdən azmışın çəkdi nazını. O kirli, o murdar əllərinizlə, Qırıb qanatmayın könül sazını. Bir az qayçılayın tamahınızdan, Bir az nəfsinizin alın qazını. O, sizi, bu qədər belə qudurdub, Öpün lazım gəlsə unitazını.. Bu xalqa bu qədər qan uddurmayın.

Öz halal haqqıdır, bu yurd, bu torpaq, Nigerdən, Sudandan, Çaddan gəlməyib. İllərlə tapdanmış, aşağılanmış, Hansısa bir soydan-addan gəlməyib. Dərdi-müsibəti siz yaşadırsız, Heç, bəla bu qədər, yaddan gəlməyib.. Bülbül cəhcəcəhindən doğub şərqisi, Bayquşlar ulayan laddan gəlməyib. Basın bağrınıza, sevin bu xalqı, Özgə planetdən zaddan gəlməyib. Bu xalqa bu qədər qan uddurmayın

Saytda dərc olunub