Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Aşıq qardaş, acqarına nə qədər,

Ayaz Arabaçı

Aşıq qardaş, acqarına nə qədər, Bu torpağa məhəbbətdən danışaq. Acımızdan gözümüzə su enib, Gəl bir az da yağdan, ətdən danışaq.

Çoxdu bizi burunlayan, xorlayan, Səbrimizi hər yerindən zorlayan, Bu ölkənin havasını korlayan, Neçə-neçə üfunətdən danışaq..

İçindəyik bir sağalmaz illətin, Sonu yoxdu heç cür zülmün-zillətin, Harda xoşdu güzəranı millətin, Hansı şəhər, hansı kənddən danışaq,

Dərd deyil ki, ağzı günə yatmışıq, Dərd odu ki, dayaz yerdə batmışıq, Etibarı üç quruşa satmışıq, Hansı üznən sədaqətdən danışaq..

Bir az utan arvadından, balandan, O ekrandan hörüldəmə yalandan, Duxun çatsa bir azca da talandan, Qara xalqa qara vəddən danışaq.

Elə köhnə it ulayan şəhərdi, Bu zülmətin nəyi sənə səhərdi, Taleyimiz hardan baxsan zəhərdi, Nə şəkərdən, nə şərbətdən danışaq.

Günlərimiz bir-birindən boz, quru, Boğuluruq hamımızı toz qırır, Şər oturub təpəmizdə qoz qırır, Hansı xeyir əlamətdən danışaq.

Çox ağırdı uymaq olmur şərtlərə, İşıq yolu bağlanıbdı mərdlərə, Bəlkə gedib çarə gəzək dərdlərə, Bəlkə elə təbabətdən danışaq..

Saytda dərc olunub