Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Aşıq Qurban zəng etmişdi bu axşam,

Ayaz Arabaçı

Aşıq Qurban zəng etmişdi bu axşam, Limitini sıfırladı qaz, dedi. Day, şairim bundan yaxşı nə olsun, Eləməyək hökumətə naz, dedi.

Qoymaq ilən qozbeli dik, düzəlmir, Düzəldirik, tez-tələsik düzəlmir, Biz deməknən artıq-əskik düzəlmir, Keçdim daha mən fikrimdən vaz, dedi.

Vurnuxurdu gecə saat üçədək, Torbasında limon vardı üç ədəd, Şaxtababa söylənirdi küçədə, Dedim nolub, pensiyamız az, dedi.

Qeyd elədim yeni ili Hürüynən, Ağ ayrandan aldığımız kürüynən, Yenə düşüb ortalığa sürüynən, Əcinnələr oynayırdı caz, dedi.

İnsanamsa mən hər şeydən əfsələm, Sonra qızdı, maşın sələm, ev sələm, Gördü bir az tükənibdi hövsələm, Gördü bir az ağrıyıram, az dedi.

Dedim qağa hər eyhamın bəlli, vur, Axı yoxdu başqa cürə həlli, vur, Yolladığım tutovkadan əlli vur, Çıxardacaq pazı ancaq, paz dedi.

Saza gəldi uzandıqca laf ey, əə Gülümsündü, yaman safsan, saf ey, əə Qoyan yoxdu çayxanaya, kafeyə, Qağa yaman moddan düşüb saz dedi.

Bir xəstəlik bu qədərmi ağ olsun, Düzək-qoşaq, bi məsələ dağ olsun, Yığdı məni Rəşid doxdur, sağ olsun, Əlli cürə məlhəm dedi, maz dedi.

Qəm eləmə hər bir şeyin təmri var, Hər qədəmdə ilahinin əmri var, Bu qışın da bir yumruqluq ömrü var, Beş-on günə gəlib çıxır yaz, dedi.

Sıxcaladım əlimdəki külahı, Bir səs gəldi qulağıma ilahi, Qələmidi ər şairin silahı, Qələmini yerə qoyma, yaz dedi. .

Saytda dərc olunub