Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Aldı görək Arabaçı nə dedi...

Ayaz Arabaçı

Aldı görək Arabaçı nə dedi...

O qədər ki,təpələri öyürlər, Düz-əməlli dağ görəndə qorxuram. Hökmü keçir gülüstanda bayquşun, Gül-çiçəkli bağ görəndə qorxuram.

Eh nə qədər yüklənər ki,bir beyin.. O öyülən gövhər peyin,dürr peyin, Şiti çıxıb-şoru çıxıb hər şeyin, Bircə damcı yağ görəndə qorxuram..

Həyat min yol dağlasa da gözümü, Yeməmişəm bir kərə də sözümü, Oyanıram,yatağımda özümü, Bir anlığa,sağ görəndə,qorxuram..

Mən bilirəm zindan nədi,dar nədi, Şaxta nədi, Sibir nədi,qar nədi.. Ay sağolmuş,qartal nədi,sar nədi, Bir yolunmuş vağ görəndə qorxuram.

Ortalıqda yoxdu orta hədd daha, Nə anladım,nə qandırım məddaha, Allah haqqı bu bazarda mən daha, Qatığı da ağ görəndə qorxuram..

Saytda dərc olunub