Şeir · Azərbaycan
Aldana-aldana gedirəm hələ,
Aldana-aldana gedirəm hələ, İlahi,bir quru zəndə,bilirsən. Nə qədər yiyəsiz xarabalıq var, Yiyəsiz qoyduğun təndə,bilirsən.
Söz-sözü ağladar,yol yolu bağlar, Zəfərdən danışır bayrağı ağ-lar, Elə ürəyimə dəyib ki,dağlar, Məktub-zad yazmıram kəndə,bilirsən.
Yarı ərəbcəyəm,yarı latınca, Bağlanıb bazarım nırxa çatınca.. Yaşı yəhərləyib qırxa çatınca, Düşmüşəm nə qədər fəndə,bilirsən.
Top kimi salıblar ötür-ötürə, Yoxdu dil deyənim gəlib götürə, Sən axı bu qədər kələ-kötürə, Nə sayaq çəkilir rəndə,bilirsən..
Dərddən naxırım var,qəmdən sürüm var, İki Arazım var,iki Kürüm var, Amma ki,yenə də min şükürüm var, Bir tikə çörəyə-qəndə,bilirsən.
Ol,dedin yüyürüb oldum ol-undan, Çağır yorulanda tutum qolundan, Sənin qanunundan,sənin yolundan, Kim azıb,kim itib çəndə,bilirsən..
Dağları dəlmişik tamahımıznan, Qaralsa qəm yemə,gün ahımıznan, Sən niyə bu qədər günahımıznan, Bizləri hələ də bəndə bilirsən..
Qalmayıb inanan məşhərə axı, Kitab bəs eləmir bəşərə axı.. Niyə göz yumursan bu şərə axı, Mənim bildiyimi sən də bilirsən...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/aldana-aldana-gedirem-hele/