Şeir · Azərbaycan
Yüz dəfə öpənlər necə dözürlər,
Yüz dəfə öpənlər necə dözürlər, Öpdüm bircə dəfə ay üzdən öldüm. Hələ heç qəbrimə gedib çatmamış, Bir də bir pay gəldi pay üstən öldüm.
Dayandım yanaşı,çiyinbəçiyin, Aldım müşkün iyin-ənbərin iyin, Sonra o ləzzətin,o şirinliyin, Üstümə gəldiyi faizdən öldüm..
Ruhumun canımda həbsi dayandı, Qapıma həsrətin qəbzi dayandı.. Qəfildən adımın nəbzi dayandı, Neçə dildən öldüm,ağızdan öldüm..
Oldum Sibir-Sibir o eşqə sürgün, Buzladım içində ən isti kürkün, Bir məktub yolladı,bir məktub,bir gün, Aldığım o qara kağızdan öldüm..
Gördüyün bu məzar bəylik odamdı, Ağlama,göz yaşın qəlbimə damdı, Sənin gözlədiyin başqa adamdı, Xanım,mən keçən il payızdan öldüm.
Oğul cəngdən ölür,ər cəngdən ölür, Ölənlər öləndə gerçəkdən ölür, Adamlar infarktdan,xərçəngdən ölür, Nə xoş halıma ki,o qızdan öldüm...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yuz-defe-openler-nece-dozurler/