Şeir · Azərbaycan
Yoruldu bir ömür tər tökə-tökə,
Yoruldu bir ömür tər tökə-tökə, Yazdı,qaraladı ağ kağızları. Yığıb küçələrdən şerə çevirdi, Gilənar dodaqlı gözəl qızları. Gördü bulud kimi dolanda könlüm, Tutdu hər sözümü baxışlarımdan. Solan çiçəklərə nəğmə toxudu, Payızın şıdırğı yağışlarından. Qəmli xatirələr didəndə məni, Qovdu bircə-bircə ağrılarımı. Könülsüz alsam da əlimə bəzən, O yazdı ən kövrək nağıllarımı. Azdıra bilmədi güclü axınlar, Keçdi şirin vədlər sağ-solumuzdan. Qurd kimi uladıq qələmim və mən, Amma ki, sapmadıq heç yolumuzdan. Duydu gözlərimə çökəndə duman, Ölçdü qızdırmamı-hərarətimi. Könül dincliyimi borcluyam ona, Bir də ki, bir ovuc səadətimi. Böyük sevgiləri, düşüncələri, Sığdıra bilmədik bu dar qəfəsə. Bir masa dalında illər uzunu, Verdik iki qardaş nəfəs-nəfəsə. Çox vaxt ağ kağıza kəfən də deyib, Getdik əzrayılnan savaşa kimi. Mənim əllərimdə siqardan da çox, Qələm tüstülənib bu yaşa kimi. Qorxumuz olmadı fırtınalardan, Coşub yelkən açdıq açıq dənizə. Nə susuz olanda, nə ac olanda, Xəyanət etmədik bir-birimizə. Bir yaxın dost kimi tutdu əlimdən, Qəlbimi nə vaxt ki, çulğadı kədər. Sordu duyğularım damarındakı, Son damla qanı da axıra qədər. Hər şair qələmi haqqı hayqıran, Silaha dönməsə sonu süqutdur. Şərəflə qorumaq öhdəliyim var, Qələm də papaqtək bir atributdur...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yoruldu-bir-omur-ter-toke-toke/