Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yeri gəlmişkən..

Ayaz Arabaçı

Yeri gəlmişkən..

Bir gün bitər bu dərdlər, Sönməz ümid şamımız. Vətən sağ olsun deyib, Qırılmayaq hamımız. Nə belə yazıq olaq, Nə gözdən yaş işlədək. Millətə nicat tapaq- Vətənə baş işlədək. Düz duraq nida kimi, Sapmayaq sola-sağa, Təkcə silah gərəkmir, Vətəni qorumağa. Düzəldək ki,düzəlsin Əyri əməllərimiz. Daha çəpik çalmasın, Yalana əllərimiz. Hər üzüyə qaş olan, Əsl zümrüdü tapaq. Ən təmiz qanı bulaq, Ən təmiz südü tapaq. Ləyaqəti-namusu, Paradan üstün tutaq. Ağı qabağa çəkib, Qaradan üstün tutaq. Kəsək qohumbazlığın, Yolunu bir nəfəsə. Salaq heç düşünmədən, Nəfsimizi qəfəsə. Məram təmizlik olsun, Zir-zibili süpürək, Bir də rüşvət alanın, Sifətinə tüpürək. Bu işdə,bu əməldə, Hamı bir ucdan olsun. Polisdə xalqa sevgi, Həkimdə vicdan olsun. Qovuşaq aydınlığa, Bilək həyat nə rəngdir. Biz hamımız yox olsaq, Vətən nəyə gərəkdir. Qurtuluş var,çıxış var.. Nə olsun ki,yoxuş var!..

Saytda dərc olunub